AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanın inkişaf perspektivləri və Orta Dəhliz” mövzusunda elmi seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanın inkişaf perspektivləri və Orta Dəhliz” mövzusunda elmi seminar keçirilib.
Seminarda giriş nitqi ilə “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov çıxış edərək konfrans proqramında nəzərdə tutulan istiqamətlər üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların əhəmiyyətini vurğulayıb, mövzunun milli iqtisadiyyatın gələcək inkişaf perspektivləri üçün strateji önəm daşıdığını bildirib.
Elmi seminarın əsas məruzəçisi – Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı tələbələrə, magistrantlara, doktorantlara və gənc müəllimlərə Orta Dəhlizin regional və qlobal miqyasda rolu, Azərbaycanın bu dəhlizdə strateji mövqeyi və iqtisadi imkanları barədə geniş məlumat verib.
Professor Vüsal Qasımlı çıxışında aşağıdakı əsas istiqamətlər üzrə analitik tezislər səsləndirib:
• Orta Dəhliz və qlobal ticarət-tranzit infrastrukturu
Orta Dəhlizin qitələrarası inteqrasiyanı gücləndirən innovativ marşrut olduğu,
Dəhlizin qədim İpək yolunun müasir təkamülü kimi formalaşması,
Limanlar, sərhəd keçid məntəqələri və yollar üzrə infrastruktur imkanları və onların təkmilləşdirilməsi,
Multimodal daşımaların regional iqtisadi inkişafda yaratdığı üstünlüklər.
• İpək Yolu regionunda enerji geosiyasəti və Azərbaycanın rolu
TRACECA, “Bir kəmər, bir yol”, Orta Dəhliz və digər layihələrin kompleks təhlili,
Beynəlxalq nəqliyyat əlaqələrinin davamlı inkişafa təsiri,
Yaşıl nəqliyyat dəhlizlərinin əhəmiyyəti,
Orta Dəhlizin enerji sistemi kimi funksional rolu və regionun əsas enerji layihələrinin strateji çəkisi.
• Orta Dəhlizin Avropa İttifaqı üçün enerji marşrutu kimi perspektivləri
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı ilə enerji əlaqələri,
Aİ-nin Orta Dəhliz strategiyası və qarşıdakı çağırışlar,
Enerji təhlükəsizliyi baxımından dəhlizin əhəmiyyətinin artması.
• Yeni ödəniş sistemləri, rəqəmsallaşma və Orta Dəhlizin maliyyə körpüsü kimi rolu
FinTech, DeFi, kriptovalyutalar və rəqəmsal bankçılıq sahəsində qlobal tendensiyalar,
Xarici ticarətdə milli valyutaların istifadəsini genişləndirən yeni sistemlərin formalaşdırılması,
Orta Dəhlizin yalnız logistika deyil, həm də maliyyə körpüsü kimi formalaşması.
• Ticarət, investisiyalar və KOB-lar üçün imkanlar
Azad iqtisadi zonalar, transsərhəd ticarət və investisiya mühiti,
Dəhliz boyunca KOB-ların logistika proseslərinə cəlb olunması,
Regional bazarların qlobal iqtisadiyyata inteqrasiyası üçün sinxron infrastruktur inkişafı.
• Avrasiyada geosiyasi dəyişikliklər və Xəzər regionunun rolu
Xəzərin hüquqi statusu və regional infrastrukturun inkişafı,
Neft-qaz nəqli imkanları və vahid hüquqi mühitin formalaşdırılmasının əhəmiyyəti.
• Orta Dəhlizin ali təhsil, tədqiqat və innovasiya sahələrinə təsiri
TDT çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi,
Universitetlərarası əməkdaşlıq, birgə araşdırma layihələri və təhsil proqramları,
Orta Dəhliz üzrə uzunmüddətli strateji yol xəritəsinin formalaşdırılması.
Çıxışı zamanı professor Vüsal Qasımlı, həmçinin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin iqtisadi nəticələrindən, işğaldan azad edilmiş ərazilərin bərpa və inkişaf potensialından, ölkəmizin artan nəqliyyat-tranzit imkanlarından da bəhs edib.
Seminar iştirakçılarının çoxsaylı sualları professor tərəfindən ətraflı cavablandırılıb, müzakirələrdə tələbələrin və gənc tədqiqatçıların fəal iştirakı müşahidə olunub.