Aprelin 14-də İqtisadiyyat İnstitutunun yaradılmasının 65 illiyi münasibəti ilə təntənəli iclas keçirilmişdir

Aprelin 14-de Iqtisadiyyat Institutunun yaradilmasinin 65 illiyi munasibeti ile tenteneli iclas kecirilmisdir

Aprelin 14-də İqtisadiyyat İnstitutunun yaradılmasının 65 illiyi münasibəti ilə təntənəli iclas keçirilmişdir.

1958-ci il aprelin 14-də təsis edilmiş İqtisadiyyat İnstitutunda aprelin 14-ü hər il “İnstitut günü” kimi də qeyd olunur.

Tədbirdə iqtisadi yönümlü dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, bir neçə AMEA institutlarının direktoru, ali məktəblərin rektorları və kafedra müdirləri, millət vəkilləri, İqtisadiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli İnstitutun yaranması tarixindən keçdiyi şərəfli inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən, apardığı fundamental tədqiqatlardan danışıb. Bildirib ki, müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. Azərbaycanda fundamental elm mərkəzi olmaqla ölkədə tanınmış iqtisadçılar nəsli yetişdirib.

Prof. N.Müzəffərli qeyd edib ki, İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir və birgə tədqiqatlar aparır. Habelə ölkənin aparıcı universitetləri ilə elm və təhsilin inteqrasiyası məqsədi ilə birgə layihələr həyata keçirilir. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunurlar. Qarabağda yeni iqtisadiyyat quruculuğu sahəsində İnstitutun apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilir. İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir.        

 İclasda AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, akademik Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri Vahid Novruzov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri Məhəbbət Məmmədov çıxış edərək İqtisadiyyat İnstitutunun Azərbaycanda iqtisad elminin inkişafındakı rolu, mövqeyi və əhəmiyyətindən danışıblar. Çıxış edənlər İnstitutun fəaliyyətini yüksək qiymətləndiriblər və kollektivə gələcək elmi tədqiqatları sahəsində daha böyük uğurlar arzulayıblar.

 Qeyd edək ki, İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanın müstəqil milli iqtisadiyyatının sosial-iqtisadi inkişaf problemlərinin fundamental tədqiqi, makroiqtisadi və regional inkişaf problemləridir. Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunda hazırda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri (2022-2025-ci illər)” mövzusunda tədqiqatlar aparılır. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, eləcə də “AMEA 2020-2025-ci illər üçün inkişaf proqramına”  uyğun olaraq müəyyənləşdirilmişdir.

 İqtisadiyyat İnstitutunun əməkdaşları tərəfindən ölkələrarası və regionlararası müqayisələrə əsaslanan 4 reytinq araşdırmaları aparılmışdır.Bu reytinqlər İnstitutun özünün təklif etdiyi metodologiya əsasında hazırlanmışdır. Nəticələr praktik idarəetmə qərarları qəbul edilərkən, sosial-iqtisadi inkişaf proqramları tərtib olunarkən, rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən istifadə oluna bilər.

Son 20 ildə İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı əməkdaşlar tərəfindən 150-dən çox monoqrafiya, 3000 məqalə, o cümlədən 800-ə yaxın əsər xaricdə nəşr olunmuşdur.

Təkcə 2022-ci ildə İnstitutun əməkdaşları tərəfindən 268 əsər, o cümlədən 14 monoqrafiya, 5 dərslik və elmi-kütləvi nəşr, 140 məqalə, 100-dən artıq tezis, beynəlxalq elmi bazalara (Web of Scinece, SCOPUS və s.) daxil olan jurnallarda 19 məqalə olmaqla bütövlükdə xaricdə 44 əsər çap olunmuşdur. İl ərzində İnstitutun 50-yə yaxın əməkdaşı 15 elmi konfransda iştirak etmişdir. İnstitutun «İqtisadi artım və ictimai rifah» elmi jurnalı çap olunur.

Strateji hədəflərimiz yaxın perspektivdə İnstitutu Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevirməkdir.