“Biznesin iqtisadiyyatı və menecment” kafedrasının əməkdaşları tərəfindən 3 dərslik nəşr edilib
2022-ci tədris ilində “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının əməkdaşları tərəfindən 3 dərslik - “Strateji menecment”, “Statistika” və “Strateji idarəetmə və liderlik” dərsliyi hazırlanaraq nəşr edilmişdir
"Strateji menecment" - prof. M.A.MƏMMƏDOV, i.ü.f.d., dosent F.Ə.MƏMMƏDOVA, i.ü.f.d., dosent Ş.İ.ƏLİZADƏ
Strateji menecment kitabında strateji menecmentin və strateji planın mahiyyət, ümumi xarakteristikası, strateji menecmentin əsas konsepsiyası və işlənməsi xarakterıstikası, müəssisədə strateji təhlilin aparılması metodologiyası, strateji planlaşdırma prosesində məqsədlərin müəyyənləşdirilməsi mərhələsi, biznes-sterategiyanın formalaşdırılması, funksional strategiya, innovasiya strategiyası öz əksini tapmışdır. Eyni zamanda strateji planların tərtib edilməsinin strukturu, metodikası, həyata keçirilməsi prioritetləri və post-konflikt dövründə təşkilati idarəetmədə strateji menecment strateji proses kimi sahələr üzrə təhlil edilmişdir.
Dərslik Universitetlərdə “Menecment” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alanlar, professor-müəllim heyəti, eyni zamanda magistrlar, doktorantlar, elmi işçilər və müəssisə və təşkilatlarda strateji planlaşdırma sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
"Strateji idarəetmə və liderlik" - i.ü.f.d., dosent K.M.MƏMMƏDOVA
“Strateji idarəetmə və liderlik” dərs vəsaiti 060407 - Menecment magistratura səviyyəsi ixtisası üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ixtisas standartlarına və tədris planlarına uyğun hazırlanmışdır. Dərs vəsaitində şirkətlərdə strateji idarəetmənin metodoloji əsasları, şirkətlərin strateji idarə edilməsi, işçi heyətin strateji idarə edilməsi, risklər və strateji idarəetmə funksiyaları, şirkətlərin strateji idarə edilməsində lider və liderlik istiqamətləri, müəssisə və təşkilatların idarə edilməsində strateji idarəetmənin mahiyyəti, xarakteristikası öz əksini tapmışdır.
Dərs vəsaitində dövlət, özəl müəssisə və təşkilatlarda strateji idaetmənin vacib məsələləri və bu sahədə aparılan təşkilatı işlər də nəzərdən keçirilmişdir. Dərs vəsaiti Üniversitetdə Menencment magistratura səviyyəsində təhsil alan magistrlar və bu istiqamətdə tədqiqat aparan doktorantlar, elmi işçilər, professor-müəllim heyəti və tikinti təşkilatlarda strateji idarəetmə sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
"Statistika" - i.e.f.d., dosent B.H.ŞİRİNOV, i.ü.f.d., dosent F.Ə.MƏMMƏDOVA
Dərslikdə statistika elminin əsas sahələri, Azərbaycan Respublikasında statistikanın inkişaf mərhələləri, statistik müşahidənin proqram-metoloji məsələləri, statistik qruplaşmanın əsas formaları və üsulları, mütləq və nisbi kəmiyyətlər, orta kəmiyyətlər, variasiyanı ölçmək üçün istifadə olunan mütləq və nisbi göstəricilər, seçmə müşahidəsi, sosial-iqtisadi hadisələrin dinamikası və onun statistik öyrənilməsinin vəzifələri, qarşılıqlı əlaqələrin statistik tədqiqi, iqtisadi indekslər, ölkə iqtisadiyyatinin tənzimlənməsində sosial-iqtisadi statistika göstəricilərinin rolu, milli hesablar sistemi, əhalinin perespektiv sayının proqnozlaşdırılması üsulları, əmək məhsuldarlığı və əmək haqqı səviyyəsinin statistik öyrənilməsi, əsas fondların və dövriyyə fondlarının statistikası və s. məsələlər hərtərəfli nəzərdən keçirilmiş, hər bir mövzuya uyğun məsələ və misallar şərti rəqəmlərlə və Dövlət Statistika Komitəsinin məlumatları əsasında izah edilmişdir.
Dərslik menecment, biznesin idarəedilməsi, iqtisadiyyat, marketinq və digər iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin hazırlanmasında, habelə iqtisadi təhlillə məşğul olanlar, doktorant və magistrlər üçün faydalı ola bilər.